Birinci Liqada mövsümü 4-cü pillədə başa vuran "İmişli" yeni baş məşqçinin xidmətində maraqlıdı. Sport24.az-ın əldə etdiyi məlumata görə, İmişli təmsilçisi hazırkı baş məşqçi Əsgər Abdullayevin işindən narazıdı.
Bölgənin eyniadlı komandasının baş məşqçisinin qarşısına elitaya vəsiqə qazanmaq məqsədi qoyulsa da, Abdullayev bu işin öhdəsindən gəlməyib. "İmişli" onun rəhbərliyi altında nəinki çempion olub, heç mükafatçılar sırasına da düşə bilməyib. Məhz bu səbəbdən klubun başbilənləri onun əvəzinə yeni mövsümdə komandanın "sükan arxasında" "Qaradağ Lökbatan"ın çalışdırıcısı Azər Həşimovu görmək istəyir.
Artıq "İmişli" Həşimova "1+1" şərti ilə müqavilə və yüksək maaş təklif edib. Həşimov bölgə klubundan qərar vermək üçün iyunun 10-dək vaxt istəyib.
Qeyd edək ki, "Qaradağ Lökbatan" son mövsümü I Liqada 2-ci pillədə başa vurub.