"Neftçi" basketbol klubunun baş məşqçisi Kostas Vasiliadis komandasının FIBA Avropa Kubokunun qrup mərhələsindəki ilk qələbəsini şərh edib. Bakı təmsilçisi ev oyununda Yunanıstanın "Mikonos" komandasını 84:80 hesabı ilə məğlub edib.
İdman.Biz-in sualını cavablandıran yunan mütəxəssis məşqçilik karyerasında avrokubokların bu mərhələsində qazandığı ilk qələbənin yaratdığı hissləri bölüşüb.
"Xoşbəxtəm. Oyunçu karyeram ərzində müxtəlif səviyyəli Avropa turnirlərində - Avropa Kubokunda və Çempionlar Liqasında iştirak etmişəm. Belə yarışlarda bəzən uduzur, bəzən qalib gəlirsən, buna görə də emosiyalarını cilovlamağa alışırsan. Amma indi təkcə "Neftçi"nin deyil, bütün Azərbaycan basketbolunun adından xoşbəxtəm.
Belə oyunlarda basketbolçular inkişaf edirlər. Ən vacibi isə təkcə legionerlərin deyil, yerli basketbolçuların da inkişaf etməsidir. Bir məşqçi kimi azərbaycanlı oyunçuların da inkişafı üçün şərait yaratdığıma görə xoşbəxtəm".
O, bu görüşü "Neftçi"nin FIBA Avropa Kubokunun cari mövsümündəki ən yaxşı oyunu hesab edib-etmədiyi barədə sualı da cavablandırıb.
"Bütün 40 dəqiqə ərzində yaxşı oynamaq vacibdir. Amma biz oyuna pis başladıq, sonlarda isə səhvlərə yol verdik. Konsentrasiyamız və diqqətimiz çatışmırdı, ötürmələrdə qeyri-dəqiqliklər var idi. Buna baxmayaraq, həm mən, həm də oyunçularım bu görüşdən çox şey öyrəndik".