UFC-nin ən yüngül çəki dərəcəsində sabiq çempionu Merab Dvalişvili BƏƏ-nin Əbu-Dabi şəhərində Usman və Umar Nurməhəmmədovun, eləcə də onları müşayiət edən şəxslərin hücumuna məruz qaldığını iddia edib.
İdman.Biz xəbər verir ki, gürcüstanlı döyüşçü sosial şəbəkədə üzünün qanlı olduğu video paylaşaraq hadisənin təfərrüatlarını açıqlayıb.
Dvalişvilinin sözlərinə görə, o, dostu ilə birlikdə olarkən qarşı tərəf onlara arxadan yaxınlaşıb və söhbət etmək əvəzinə davaya səbəb olub:
"Biz iki nəfər idik - mən və dostum. Usman Nurməhəmmədov və dostları bizə arxadan yaxınlaşdılar. Danışmaq əvəzinə dava etməyə qərar verdiniz? Döyüşmək istəyirsinizsə, döyüşək, axı biz döyüşçüyük. Danışmaq istəyirsinizsə, danışaq. Amma siz arxadan hücum edirsiniz. Heç bilmirəm, orada neçə nəfər idiniz".
Gürcüstanlı idmançı baş verənlərə baxmayaraq, özünü normal hiss etdiyini bildirib və insidentdə iştirak etdiyini iddia etdiyi şəxslərin davranışını tənqid edib.
Qeyd edək ki, Usman Nurməhəmmədov peşəkar MMA karyerasında məğlub olmayıb. Onun hesabında 22 qələbə var, daha bir döyüşü isə baş tutmamış sayılıb. Rusiyalı idmançı əvvəllər PFL-in yüngül çəki üzrə çempionluq kəmərinə sahib olub.