"Meydan amili özünü göstərdi. Təbii meydançada oynayacağımızı bilirdik. Çempionatda matçların 90 faizini süni örtükdə oynayırıq və özümüzdə sünidə məşq edirik. Bəlkə də bu məqam istədiyimizə nail olmağa imkan vermədi. Futbolçularım verdiyim tapşırıqları yerinə yetirdilər".
"Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "İmişli"yə qarşı son dəqiqə qolu ilə məğlub olduqları qarşılaşmanı şərh edib:
"Oyun başlayan kimi "İmişli" erkən qol vurmaq istəyirdi. Biz əks-hücumda rəqibi yaxaladıq, ilk qolumuzu vurduq. Sonra isə rəqib təzyiqi artırdı. Bu da gözlənilən idi. Birinci hissədə hesabı qoruya bildik. İkinci yarı başlayan kimi "İmişli" 4 əvəzetmə etdi. Bu 4 futbolçu meydana girən kimi təzyiqi daha da artırdılar və bərabərlik qolunu vurdular. Buna baxmayaraq, futbolçularım ruhdan düşmədi. Hesabda ikinci dəfə önə çıxdıqdan sonra rəqibdə çaşqınlıq yarandı. Bizim futbolçularda isə yorğunluq hiss olunurdu ki, belədə məcburi dəyişiklik etdik. Meydana girən futbolçular isə oyuna yaxşı qoşula bilmədi və rəqib ikinci qolu vurdu. Yekunda "İmişli" əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurdu", - deyə sport24.az-a açıqlamasında deyib.
Abbasov elita ilə aşağı liqalar arasında olan fərqdən də danışıb:
"Premyer Liqa və İkinci Liqa arasında səviyyə fərqi böyükdür. Birinci və ya İkinci Liqa klubları isə eyni səviyyədədir. "Qaradağ Lökbatan" olaraq çalışırıq ki, səviyyəmizi ikinci yox, Birinci Liqa səviyyəsində saxlayaq. Ona uyğun futbolçularımız var. Sadəcə ötən mövsüm uğursuzluq olub, komanda İkinci Liqaya düşüb. Çalışacağıq yenidən Birinci Liqaya qayıdaq. "İmişli" ilə matç futbolçularımız üçün imtahan oldu. Onlar gördülər nəyə qadirdilə, nəyə gücləri çatır".
Qeyd edək ki, "Qaradağ Lökbatan" - "İmişli" oyunu 2:3 hesabı ilə başa çatıb.