Türkiyənin "Qalatasaray" klubu rusiyalı futbolçusu Aleksey Batrakovun müqavilə şərtlərini dəyişdirməyin yeni variantını nəzərdən keçirir.
İdman.Biz "Şok Gazetesi"nə istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun əsas maaşını artırmaq əvəzinə onun nəticələrindən asılı olan bonus sistemi tətbiq etməyi planlaşdırır.
Bu sistemə əsasən, Batrakov vurduğu qollara və verdiyi məhsuldar ötürmələrə görə əlavə ödənişlər ala bilər. Klub rəhbərliyi bununla həm futbolçunun yüksək məhsuldarlığını stimullaşdırmaq, həm də komandadakı mövcud maaş balansını qorumaq istəyir.
Daha əvvəl yarımmüdafiəçinin illik maaşının 5,5-6 milyon avroya (təxminən 10,5-11,5 milyon manat) çatdırılacağı bildirilirdi. Lakin hazırda "Qalatasaray"ın onun 3,2 milyon avroluq (təxminən 6,1 milyon manat) əsas maaşını dəyişmək niyyətində olmadığı iddia edilir.
Bununla yanaşı, klub Batrakovun müqaviləsində nəzərdə tutulan 55 milyon avroluq (təxminən 105 milyon manat) sərbəstqalma məbləğini 15-20 milyon avro artırmağı düşünür. Beləliklə, həmin məbləğ 70-75 milyon avroya (təxminən 133,7-143,2 milyon manat) yüksələ bilər.
Rusiyalı futbolçunun qış transfer pəncərəsində başqa kluba keçidi isə çətin görünür. FIFA qaydalarına əsasən, bir futbolçu eyni mövsümdə ən çox üç klubda qeydiyyatdan keçə bilsə də, müəyyən istisnalar xaricində yalnız iki klubun heyətində rəsmi oyunlarda iştirak edə bilər.
Batrakov artıq cari mövsümdə "Lokomotiv" və "Qalatasaray"la bağlı olduğundan onun yanvarda üçüncü kluba keçməsi oyun praktikasına maneə yarada bilər.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən 25 milyon avroya "Qalatasaray"a transfer olunub.