"Real"ın prezidenti Florentino Peres noyabrın 21-də keçiriləcək klub üzvlərinin toplantısında "Barselona"nı sərt tənqid etməyə hazırlaşır.
AS nəşrinin məlumatına görə, o, iki klub arasındakı münasibətlərin artıq tamamilə pozulduğunu vurğulayacaq.
Peres "Barselona"nın prezidenti Joan Laportanın artıq müttəfiqi olmadığını, Kataloniya klubunun isə düşmənə çevrildiyini bildirəcək. Madrid təmsilçisinin rəhbəri La Liqanın prezidenti Xavyer Tebasla yaşanan münaqişəyə də toxunacaq. O, həmçinin idman məhkəmələrindəki araşdırmaların sona qədər davam etdirilməsinin vacibliyini qeyd edəcək.
Təxminən 45 dəqiqə davam edəcəyi gözlənilən çıxışda "Real"ın maliyyə vəziyyəti, idman nəticələri və UEFA ilə münasibətləri də müzakirə olunacaq.