Almaniya millisinin sabiq futbolçusu Tomas Müller yığmanın yeni baş məşqçisi Yurgen Kloppun ilk oyununu maraqla gözlədiyini bildirib.
İdman.Biz xəbər verir ki, Müller şəxsi xəbər bülletenində Kloppun milli komandada hansı futbol fəlsəfəsini tətbiq edəcəyinin onun üçün maraqlı olduğunu qeyd edib.
O, heyətdə böyük dəyişikliklər gözləmədiyini də vurğulayıb. Müllerin fikrincə, Kloppun sərəncamındakı futbolçu bazası iyun ayındakı heyətlə demək olar eynidir və futbol yenidən icad edilməyəcək.
Müller Almaniya millisindən müdafiəyə qapanan oyun görmək istəmədiyini bildirib:
"Gözləmədiyim şey öz cərimə meydançasında 10 futbolçu və irəli uzun ötürmələrdir. Almaniya futbol ölkəsi kimi proaktiv futbol oynamaq istəyirik və bunun üçün uyğun oyunçularımız var".
Onun sözlərinə görə, əsas məsələ Kloppun öz ideyalarını futbolçulara nə qədər tez aşılaya bilməsidir. Müller hesab edir ki, hər bir baş məşqçinin komandasında onun oyun üslubu və dəsti-xətti aydın görünməlidir.
Klopp Almaniya millisində ilk heyətini sentyabrın 17-də açıqlayacaq.