"Qrupumuz heç də asan deyil".
Bunu İdman.bizə 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.
O, Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsinin püşkünü dəyərləndirib. Ağayevin sözlərinə görə, bəxtlərinə güclü rəqiblər düşüb: "Bizim üçün heç nə asan olmayacaq. Komandamızı ağır oyunlar gözləyir. Lakin bütün bunlara baxmayaraq, məşqlərdə, toplanışlarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Avropa çempionatının keçiriləcəyi tarix dəqiq şəkildə bəlli deyil. Təxminən oktyabrın sonu, noyabrın əvvəllərində keçiriləcək. Ona görə də üzərimizə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışacağıq. İyunun 22-29-da Bakıda təlim-məşq toplanışımız olacaq. Daha sonra iyul-avqustda hazırlıq məqsədi ilə yoldaşlıq oyunları keçirəcəyik".
Ağayev bildirib ki, ilk təlim-məşq toplanışı həm də seleksiya xarakteri daşıyacaq: "Bölgələrimizdən olan qız futbolçularımızı yoxlayacağıq. Seçimlərdən sonra onları milliyə dəvət edəcəyik. Həmçinin komandaya U-17-dən də futbolçular cəlb olunub".
Qeyd edək ki, Avropa çempionatının I mərhələsində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.
Banuçiçək Hüseynli
İdman.biz