"Çelsi"yə məxsus olan və icarə əsasında İtaliyanın "Komo" klubunda çıxış edən ispaniyalı qapıçı Robert Sançes Almaniyada avtomobil qəzasına düşüb.
İdman.Biz xəbər verir ki, hadisə noyabrın doqquzunda 28 yaşlı futbolçunun həvəskar yarışlarda iştirakı zamanı baş verib. Sançes dəyəri təxminən 300 min funt sterlinq, yaxud 400 min dollar (680 min manat) olan "Ferrari 488 Challenge Evo"nu idarə edib.
Qolkiper təxminən 110 km/saat sürətlə hərəkətdə olarkən avtomobilə nəzarəti itirərək qoruyucu səddə çırpılıb. Zərbə nəticəsində maşının ön hissəsi ciddi zədələnib, qopan detallar isə trasa səpələnib.
Qəzadan sonra yürüşlərə təxminən bir saatlıq fasilə verilib. Bu müddətdə avtodromun əməkdaşları trası avtomobilin qalıqlarından təmizləyib və zədələnmiş səddi bərpa ediblər.
Sançes isə hadisədən xəsarətsiz qurtulub. Şahidin sözlərinə görə, futbolçu avtomobildən özü çıxıb, hətta ətrafa səpələnən hissələrin toplanmasına da kömək edib.