"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Maykl Karrikin gələcəyi ilə bağlı yekun qərarı noyabrda milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə qədər təxirə salmağı planlaşdırır.
İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Çelsi"yə səfərdə 0:2 hesablı məğlubiyyət klub daxilində narahatlığı daha da artırıb. Mançester təmsilçisi bütün turnirlərdə ardıcıl doqquzuncu oyunda qələbə qazana bilməyib.
"Bornmut"a doğma meydanda 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyində böhran müzakirələri aparılmışdı. Həmin vaxt Karrikin ən azı "Çelsi" ilə qarşılaşmada komandaya rəhbərlik etməsi qərara alınmışdı.
Son məğlubiyyətə baxmayaraq, klubun planı baş məşqçinin vəziyyətini noyabr fasiləsində yenidən qiymətləndirməkdir. Bu prosesdə icraçı direktor Ömər Berrada və idman direktoru Ceyson Uilkoksun əsas rol oynayacağı gözlənilir.
"Çelsi" ilə oyundan sonra Karrik komandasının aşağı pillələrdə qərarlaşması və Premyer Liqadan düşmək təhlükəsi barədə sualları da cavablandırıb.
"İrəli getməli və oyunlarda qalib gəlməliyik. Məsələ bu qədər sadədir. İndi söyləyəcəyim heç bir söz vəziyyəti dəyişməyəcək", – deyə mütəxəssis bildirib.
O, ardıcıl qələbələrin turnir cədvəlində vəziyyəti sürətlə dəyişə biləcəyini də vurğulayıb.
"Mançester Yunayted" bu mövsüm Premyer Liqada keçirdiyi doqquz oyundan yalnız birində qalib gəlib. Komanda avqustda "İpsviç"i 5:2 hesabı ilə məğlub edib.
Klubun uğursuz nəticələri azarkeşlərin narazılığına da səbəb olub. "Çelsi" ilə qarşılaşma zamanı tribunadan klubun həmsahibi Cim Retkliffə və Qleyzerlər ailəsinə qarşı etiraz şüarları səsləndirilib.
Karrikin noyabrın 3-də Çempionlar Liqasında "Roma" ilə, beş gün sonra isə Premyer Liqada "Aston Villa" ilə keçiriləcək görüşlərdə komandaya rəhbərlik edəcəyi gözlənilir. Bundan sonra klub rəhbərliyi onun gələcəyini yenidən nəzərdən keçirəcək.