Karyerasını başa vuran "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedevin İdman.bizə müsahibəsi
- Karyeranı bitirmək asan qərar deyil. Özünüzü buna psixoloji cəhətdən necə hazırlamışdınız?
- Çətin və ağır qərar idi. Çünki karyeram zəngindir, bunun üçün də çox güc sərf eləmişəm. Həmişə ən yaxşısını etməyə çalışmışam. Ancaq dərk edirdim ki, karyeranın sonu yaxınlaşır. Yavaş-yavaş özümü hazırlamağa başlamışdım. Sadəcə mövsümü yüksək səviyyədə bitirmək qalmışdı. Bu da alındı. Avropa Liqasında 1/8 finala qədər irəlilədik. Azərbaycan çempionu olub, ölkə kubokunu da qazandıq. Fikirləşdim ki, bu il karyeranı bitirmək üçün ən münasib vaxtdır. Doğrudan da, artıq futboldan yorulmuşdum. İstirahətə ehtiyacım var idi. Baş məşqçi ilə danışıb qərar verdim ki, karyeranı başa vurmağın vaxtı gəlib.
- Ömrünüzün az qala yarısını "Qarabağ"a həsr etmisiniz. Nə idi sizi bu komandaya bağlayan əsas səbəb?
- Mən "Qarabağ"ın akademiyasından çıxmışam. O vaxt "Qarabağ" indiki klub deyildi. Yavaş-yavaş güclənirdik, nəticələr yaxşılaşırdı. Sonra Qurban Qurbanov gəldi və hər şey daha da yaxşı oldu. Daim çalışırdım ki, "Qarabağ"da bir nömrə olum. Çox ambisiyalı futbolçu olmuşam, həmişə lider olmaq istəyirdim. Həmin illərdə yanımızda olan azarkeşlər də görürdü ki, komandaya necə bağlıyam, meydanda necə vuruşuram. Onlar buna görə məni seviblər. Mənsə azarkeşləri ona görə sevirdim ki, daim yanımızda idilər. Udanda da, uduzanda da əl çalırdılar, bizə dəstək olurdular. Başa düşürdülər ki, büdcəmiz azdır, top futbolçu gətirə bilmirik, ancaq olanlarla çıxıb mübarizə aparırıq. Həm onlar, həm də biz səbr etdik, nəhayət, bir nömrəli komanda olduq. Demək olmaz ki, hansısa futbolçu gəldi, ona görə bu gün bu nailiyyətlər var. Biz azarkeşlərlə ailə kimi bir-birimizi tamamlayaraq bu yerə gəlib çıxmışıq. Bu gün Avropaya gedəndə bizimlə iki-üç min azarkeş gəlir. On il əvvəl bunu desəydilər, heç kim inanmazdı. Bakıdan öz cibindən pul verib bizi dəstəkləmək üçün xaricə gedənlər olur. Mən bu klubu ailəm kimi sevirəm.
- Karyeranızın "ən" deyə biləcəyiniz oyunu, yaxud da qolu hansılardır?
- Həm klub, həm də milli komandanın düşərgəsində çox maraqlı oyunlar olub. Ona görə bir oyun seçmək çox çətindir. Müdafiəçi olduğum üçün çox qolum olmayıb, ancaq "Şerif"ə vurduğum qol ən yaxşı qollarımdan biridir. Milli komandada isə Kipr və Norveçlə oyunda vurduğum qolları qeyd edə bilərəm.
- Bəs peşman olduğunuz məqamlar çoxdurmu?
- Deyim ki, eyni karyeranı yaşamaq istərdim. Düzdür, bəzi epizodları daha yaxşı edə bilərdim. Ancaq yenə də peşman deyiləm. Şükürlər olsun ki, sona qədər oynaya, özümü qoruyub saxlaya bildim. Karyeram ərzində ciddi əməliyyatlıq zədələrim olmayıb. Daim özümə baxan futbolçu olmuşam.
- İstirahətiniz necə keçir?
- İstirahətim yaxşı keçir. İndi başqa cür dincəlirəm, bilirəm ki, artıq heç yerə tələsmək, əlavə məşq etmək lazım deyil. Həm fiziki, həm də psixoloji olaraq yaxşı dincəlməyə çalışıram. Çünki qarşıda görüləcək işlər çoxdur. Onlara hazırlıqlı olmalıyam. Ölkə xaricindəyəm. Hazırda dostlarım və ailəmlə çox vaxt keçirirəm. Futbol atmosferindən uzaq durmağa çalışıram ki, beynim bir az rahatlaşsın. Bilirəm ki, Bakıya dönəndən sonra məni nə gözləyir.
- Nə gözləyir? Ümumiyyətlə, karyeranızla bağlı planlarınız nədir?
- Əlbəttə ki, bundan sonra gedib bankda işləyən deyiləm. Çox güman ki, futbolda qalacam. İndi hansı istiqamətdə davam edəcəyimi götür-qoy edirəm. Çox adam məsləhət verir ki, onu et, bunu et. Sonda ürəyimcə nədirsə, onu edəcəm. Bakıya qayıdandan sonra rəhbərlikdən soruşacam ki, mən "Qarabağ"a necə kömək edə bilərəm? Bilirsiniz ki, komandada qalsam belə müxtəlif istiqamətlərdən birini seçməliyəm. Düşünürəm ki, "Qarabağ" futbol klubunun aşağı yaş qruplarını daha da yaxşı səviyyəyə gətirmək lazımdır. Təcrübəmi gənclərlə bölüşməliyəm. Futbolçuların yetişdirilmə prosesində nə qədər təcrübəli idmançılar iştirak etsə, bu, futbolumuza bir o qədər yaxşı təsir göstərəcək. Qeyd etdiklərim tək mənim istəyimlə olan şeylər deyil, müvafiq sistem olmalıdır. Bilirəm ki, oxuyub məşqçi kimi kateqoriya alacam. Futbolda hər yaş qrupundan uşaqlar var və onlarla işləmək çox çətindir. Böyüklərə bir-iki dəfə deyəndə başa düşürlər, ancaq uşaqların xarakteri, futbola baxışı fərqli olur. Məşq, məşqdən kənar həyat, komanda yoldaşları ilə düzgün davranış və s. olduqca önəmli məsələlərdir. Əsas komandaya gələnə qədər uşaqlar tam yetişməlidir. Mən belə bir futbolçu görməmişəm ki, gəlsin və biz deyək ki, bunu super liqada saxlayıb oynatmaq olar. Sanki nəsə çatışmır. Potensial var, ancaq müəyyən boşluqlardan dolayı yüksək liqaya çıxa bilmirlər. Bunun üzərində işləmək lazımdır. Bir sözlə, bundan sonra "Qarabağ" üçün əlimdən nə gəlirsə, etməyə çalışacam.
Aytac Sahəd
İdman.biz