Antonio Konte "İnter"də çalışdığı dövrdə klubun necə dəyişdiyini danışıb. İtaliyalı mütəxəssis Milan təmsilçisinin məşq bazasının əvvəlki vəziyyətindən və transferlərdən əldə olunan gəlirdən söz açıb.
"İnter"ə gələndə Appiano-Centile bazası bərbad vəziyyətdə idi. Meydançalarda böyük çuxurlar var idi, əməkdaşlar isə daim bəhanələr gətirirdilər. Klub ot örtüyünün yenilənməsinə pul xərclədi, lakin bir ay sonra meydança yenidən yararsız vəziyyətə düşdü. Klub 120 min avro xərclədi. Mən də iki il ərzində gecələmək üçün yer yaradılmasını xahiş etdim. Bu gün "İnter"in məşq bazasına baxsanız, əsl incidir.
Bir çox klubda "məndən əvvəl" və "məndən sonra" dövrləri olur. Məndən sonra gələnlər isə artıq fərqli şəraitlə qarşılaşırlar. Mən klublar üçün öz xərcini çıxaran investisiyaya çevrilirəm. Romelu Lukaku və Əşrəf Hakimini transfer etdik, daha sonra onları müvafiq olaraq 120 milyon avroya "Çelsi"yə və 70 milyon avroya PSJ-yə satdıq. Komandanın dəyərini artırdım", – deyə Konte "Cronache di Spogliatoio" podkastında bildirib.