"Qalatasaray"ın argentinalı sabiq hücumçusu Mauro İkardi bu dəfə şəxsi həyatı ilə bağlı ciddi ittihamlarla gündəmə gəlib.
Futbolçunun 11 yaşlı qızı Françeskaya fiziki şiddət göstərdiyi və onu otağa kilidlədiyi iddia olunur. Hadisə ilə bağlı Argentinada araşdırma başladılıb.
Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 6-da İkardinin evində baş verib.
İddialara görə, futbolçunun qızı Françeska kompüter vasitəsilə anası Vanda Naraya "Atam məni vurdu, qorxuram" məzmunlu mesaj göndərərək kömək istəyib. Bildirilir ki, İkardi qızını danladıqdan sonra otağa kilidləyib.
Anasının məlumat verməsindən sonra futbolçunun yaşadığı ünvana polis və tibbi yardım əməkdaşları göndərilib. Françeskanın sonradan evdən çıxaraq anasının yanına getdiyi, cütlüyün digər qızı İzabellanın da anası ilə qalmağa başladığı bildirilir.

Argentina mətbuatının məlumatına görə, Tigre bölgəsinin Gender Zorakılığı üzrə Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İkardi barəsində xəsarət yetirmə və ailədaxili zorakılıq iddiaları araşdırılır. Qızın məhkəmə-tibbi müayinədən keçirilməsi, Vanda Naranın ifadəsinin alınması barədə göstəriş verildiyi bildirilir.
Mətbuatın yazdığına görə, məhkəmə İkardi barəsində 45 günlük uzaqlaşdırma qərarı da çıxarıb.
İddialara əsasən, ata ilə qızı arasındakı mübahisənin səbəbi Françeskanın 15 yaşlı bir gənclə münasibət yaşaması olub. İkardinin buna etiraz etdiyi və qızının evdən çıxmasına icazə vermədiyi bildirilir.
Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında uzun müddətdir davam edən münaqişə yenidən gündəmə gəlib. Futbolçu və onun keçmiş həyat yoldaşının hadisə ilə bağlı rəsmi açıqlamaları hələlik yayılmayıb.