"Sportinfo TV"də "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.
Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat izləyicilərin diqqətinə çatdırılıb.
***
"Səbail" rəhbərliyi baş məşqçi dəyişikliyinə hazırlıq görür. Mirzə Bayrampur son vaxtlar bir neçə mütəxəssislə görüşlər keçirib. Onların arasında həm millinin aşağı yaş qruplarından birinin çalışdırıcısı, həm də Premyer Liqada işləyən sükançı var. Prezident eyni zamanda hazırda işsiz olan məşqçilərlə təmas qurub. Verilən informasiyaya görə, M.Bayrampur yönətimdə yer alan digər şəxslərin təkid və təzyiqi altındadır. Yaxın çevrəsi başa salıb ki, Elnur Abdullayev postunda qalacağı təqdirdə, ona çörək yoxdur. Yəni, o, işini davam etdirəcəyi müddətdə komanda heç bir uğurlu nəticəyə imza ata bilməyəcək.
***
"Sumqayıt"ın futbolçuları mükafatdan məhrum edilib. Bu, rəhbərliyin qərarıdır. Belə ki, Premyer Liqanın ilk dövrəsində qeydə alınan qeyri-sabit nəticələr yönətimi hərəkətə gətirib. Yeni mövsümə bu cür startı gözləməyən idarəçilər sərt tədbir görməyi lazım bilib. Vəziyyəti belə həddə çatdıran məşqçi və futbolçular bir müddət yalnız "quru" maaş almaqla kifayətlənəcək, əlləri bonusa dəyməyəcək. Premyer Liqanın 11-ci turunda "İmişli" ilə qolsuz heç-heçə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevi hiddətləndirib. "Kimyaçılar"ın prezidenti Yevlaxdakı matçın final fitindən sonra paltardəyişmə otağına daxil olaraq, futbolçularla sərt dildə danışıb. O, komandanın sərgilədiyi futboldan narazılığını kəskin formada ifadə edib, əksər oyunçuların rəqibə barmaqarassı yanaşdığını bildirib. Rəfiyev yaratdıqları şəraitin qarşılığında kollektivdən yaxşı çıxış etməyi gözlədiklərini, ancaq ilk dövrədə qeydə alınan nəticələrdən böyük məyusluq keçirdiklərini söyləyib. "Gənclik şəhəri" təmsilçisinin birinci şəxsi onların yanaşmasına adekvat reaksiya verəcəklərini diqqətə çatdırıb. Yəni ki, hansısa cəza tədbiri görüləcək. Mövsümün geridə qalan hissəsində 10 oyuna çıxan "Sumqayıt" cəmi 10 xal toplayıb. Bu göstərici ilə turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıblar.
***
AFFA İcraiyyə Komitəsi (İK) bir neçə aylıq aradan sonra yığışacaq. Saytımız bu barədə federasiyanın özündən məlumat əldə edib. Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, ali qərarverici orqan dekabrda bir araya gələcək.İK həmin vaxt bir neçə məsələyə münasibət bildirəcək. O cümlədən ölkənin əsas yığmasının UEFA Millətlər Liqasının D divizionun da göstərdiyi nəticə və baş məşqçinin taleyi müzakirəyə çıxarılacaq. İkinci qrupda birinci yeri tutan Ayxan Abbasovla müqavilənin uzadılıb-uzadılmaması yönündə qərar veriləcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN