Futbol üzrə Türkiyə Super Liqasında və Çempionlar Liqasında məğlubiyyətlər yaşayan, son olaraq əzəli rəqibi "Qalatasaray"a uduzan "Fənərbağça" baş məşqçi İsmail Kartalla yollarını ayırdı. Müvəqqəti olaraq Dirk Kuytun rəhbərlik etdiyi komanda yeni baş məşqçi axtarışını davam etdirir.
İdman.Biz "Fanatik" nəşrinə istinadən xəbər verir ki, məşhur türkiyəli futbol mütəxəssis Aykut Kocamanın vəzifəni qəbul etmək üçün əsas şərti futbol direktoru Oğuz Çətinlə yolların ayrılmasıdır. Bu məsələ ilə bağlı yaxın vaxtlarda mühüm qərar verilə bilər.
Bundan başqa, Joze Mourinyonun məşqçilər korpusuna qoşulmaq təklifini qəbul etməyərək yalnız Aykut Kocamanın köməkçisi olacağını bildirən Volkan Demirelin də kluba qayıtması mümkündür.
İddialara görə, İsmail Kartalın ayrılmasından sonra "Fənərbağça"nın ilk əlaqə saxladığı mütəxəssislər Abdullah Avcı və Vinçentso Montella olub.
Məlumata görə, Abdullah Avcı klub rəhbərliyinə qısa təqdimat edib. O, maaş və müqavilənin müddəti kimi məsələlərdə qərarı rəhbərliyin öhdəsinə buraxıb və konkret tələb irəli sürməyib.
"Fənərbağça"nın baş məşqçisi olmağı çox istəyən Vinçentso Montella isə mövsümün sonuna qədər deyil, daha uzunmüddətli müqavilə tələb edib.
Bu iki mütəxəssislə ilkin danışıqlardan sonra digər namizədlər də gündəmə gəlib. Klubun fərqli məşqçilərlə də görüşlər keçirdiyi bildirilir.