"Mançester Yunayted"in həmsahibi Cim Retkliff 2029-cu ilin ikinci yarısında klubun əsas sahibi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu ssenari klubun 550 milyon dollarlıq borcunun yenidən maliyyələşdirilməsi ilə bağlı müqavilədəki bir bənddən irəli gələ bilər.
Müqavilə kluba 2029-cu ilin iyun ayından etibarən kreditləri heç bir cərimə ödəmədən vaxtından əvvəl bağlamağa imkan verir. Bu, INEOS şirkətinə Qleyzer ailəsinin sahibliyi dövründə yaranmış qalan borcları öz üzərinə götürməyə şərait yarada bilər.
Belə bir addım "Mançester Yunayted"in maliyyə vəziyyətini yaxşılaşdıra və klubun yeni stadionun tikintisi üçün maliyyə vəsaiti cəlb etmək imkanlarını artıracaq. Layihənin dəyərinin 2-3 milyard funt-sterlinq arasında olacağı təxmin edilir.
Qeyd edək ki, bu ssenarinin reallaşması üçün Qleyzerlər öz paylarını satmağa razı olmalı, INEOS isə əlavə borc öhdəliklərini üzərinə götürməlidir – xüsusilə nəzərə alsaq ki, şirkətin ümumi borcu artıq 10 milyard funt-sterlinqi keçib.