Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turunda böyükhesablı qələbə qazanıb.
İdman.Biz istinadən xəbər verir ki, Ployeşti təmsilçisi səfərdə üçüncü liqada mübarizə aparan "Proqresul Spartak"ı 6:0 hesabı ilə məğlub edib.
Azərbaycanlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası dörd top fərqi ilə öndə olub.
Klinceni stadionunda keçirilən matçın hesabını 28-ci dəqiqədə Rareş Leesku açıb. Dörd dəqiqə sonra Alexandro Bran üstünlüyü artırıb. Fasilədən sonra, 57-ci dəqiqədə Leesku özünün ikinci, komandasının üçüncü qolunu vurub.
65-ci dəqiqədə meydan sahiblərinin bir futbolçusu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan sonra "Petrolul" daha üç dəfə fərqlənib. David Paraşiv 69-cu və 85-ci dəqiqələrdə dubl edib, Leesku isə 88-ci dəqiqədə het-trikini tamamlayaraq yekun hesabı müəyyənləşdirib - 6:0.
Bu qələbədən sonra "Petrolul" Rumıniya Kubokunun B qrupunda üç xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Petrolul" növbəti oyununu oktyabrın 31-də Rumıniya Superliqasında ÇFR Kluja qarşı keçirəcək. Komanda dekabrın 2-də isə ölkə kubokunda "Sepsi" ilə qarşılaşacaq.