"U-15 dünya çempionatı böyük tədbir olacaq. Düşünürəm ki, bu, Azərbaycanda futbola həvəs və marağı daha da artıracaq. Eyni zamanda, ölkəmizin dünyada tanıdılması üçün böyük şansdır".
Bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Bakının ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan həmişə beynəlxalqsəviyyəli mötəbər turnirlərə kifayət qədər keyfiyyətli hazırlaşıb.
"Düşünürəm ki, bu tədbirə də tam mənada məsuliyyətlə yanaşılır. İstənilən halda, həm federasiyanın, həm də ölkəmizin bu cür turnirlərin təşkili və keçirilməsi sahəsində kifayət qədər böyük təcrübəsi var", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
O, turnirin uşaq futboluna böyük təsiri olacağını söyləyib:
"Ən əsası, yerli ictimaiyyət gənc futbolçuları izləmək şansı qazanacaq və digər ölkələrdə bu yaşda olan uşaqların inkişaf səviyyəsini, bacarıqlarını müqayisə edə biləcək. Bu da yerli futbolçularımızı qiymətləndirmək baxımından əhəmiyyətlidir. Birmənalı olaraq, turnir futbolun kütləviliyinin artmasına və Azərbaycanda daha geniş təbliğinə böyük töhfə verəcək".
Veteran qolkiperin sözlərinə görə, 189 ölkədən gələcək futbolçuların və nümayəndələrin hər birinin, eləcə də komandaların özünəməxsus xüsusiyyətləri olacaq:
"Turnirdə kifayət qədər keyfiyyətli və seçilən futbolçuların iştirakı gözlənilir. Bu da yerli mütəxəssislər üçün həmin mühitdə futbolçuları izləmək və öyrənmə prosesini daha da təkmilləşdirmək baxımından böyük imkan yaradacaq".
Cahangir Həsənzadə Azərbaycanın U-16 yığmasının şanslarına da toxunub:
"Mən öz milli komandamıza inanıram. Bəzi futbolçuları tanıdığım üçün bilirəm ki, bizim bu yaş qrupundakı uşaqlar digər ölkələrin futbolçularından o qədər də geri qalmırlar. Ona görə də düşünürəm ki, yaxşı nəticələrlə bizi sevindirəcəklər".
Qeyd edək ki, turnir oktaybrın 22-dən 30-dək keçiriləcək. Azərbaycan millisi dünya çempionatında ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Kristal Zal"da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.