"AFFA-nın baş katibi Cahangir Fərəcullayev ilə skaut bölməsinin yaradılmasına dair danışıqlarımız, görüşlərimiz olmuşdu. Yaradılacaq şöbədə rəis kimi çalışmağımı təklif etdi. İllərdir bu işlə məşğulam. Klublarda da fəaliyyət göstərirəm. Ona görə mənə yad iş deyil. Bu baxımdan təklifi müsbət qarşıladım".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunması ilə bağlı danışarkən deyib.
Etimada görə AFFA rəhbərliyinə təşəkkür edən B.Musayev iş planlarından danışıb: "İş planımız bütün milli komandalar üzrə oyunçu seçiminə yardımçı olmaqdır. Öz məsləhətlərimizi verəcəyik. İstəmirik ki, yaxşı oyunçular diqqətdən kənarda qalsın".
O, skaut heyətinin yaradılacağını da söyləyib: "Hələ ki, heyətdə kimlərin yer alacağını dəqiqləşdirməmişik. Sözsüz ki, bu yolda bizə çox kömək lazım olacaq. Çünki böyük yükün altına girmişik. Götür-qoy etdikdən sonra heyəti müəyyənləşdirəcək bunun üzərində çalışacağıq".
Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan yığmasının heyətində 20 oyun keçirib.
İdman.biz