İngiltərənin "Nyukasl" futbol komandasının vingeri Entoni Qordon karyerasını İspaniyanın "Barselona" futbol klubunda davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində tam razılıq əldə edib. "Barselona" transferi qısa müddətdə yekunlaşdırmaq üçün "Nyukasl"la birbaşa və rəsmi danışıqlar aparır.
Məlumata görə, "Barselona" bu keçidi həftə ərzində bağlamaq niyyətindədir. Klub İngiltərə Premyer Liqası təmsilçiləri və Almaniyanın "Bavariya" futbol klubunun müdaxiləsini qabaqlamaq istəyir.
Qordon 2025/2026-cı illər mövsümündə "Nyukasl"ın əsas hücum silahlarından biri kimi diqqət çəkib. İngiltərə millisinin üzvü Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı xüsusilə parlaq çıxışı ilə yadda qalıb. O, Ağdam təmsilçisi ilə səfər oyununda dörd qol vurub. "Nyukasl" həmin görüşdə "Qarabağ"ı 6:1 hesabı ilə məğlub edib.
"Barselona"nın Qordon üçün təxminən 70-80 milyon avro (140-160 milyon AZN) aralığında təklif hazırladığı bildirilir.
Qeyd edək ki, Qordonun sürəti, cinahda birəbir oyunu və hücum xəttinin müxtəlif mövqelərində çıxış etmək bacarığı "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin planlarına uyğun hesab olunur.
12:06
İspaniyanın "Barselona" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün "Nyukasl"ın vingeri Entoni Qordonu nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçuya Kataloniya klubunun marağı Avropa mediasında geniş müzakirə olunur.
Daha əvvəl "Barselona"nın "Atletiko"nun hücumçusu Xulian Alvareslə maraqlandığı bildirilsə də, bu transferin maliyyə baxımından olduqca çətin olduğu vurğulanır. Bu fonda katalonların mümkün hədəfləri siyahısına Qordon da daxil edilib.
Bir sıra mənbələrin məlumatına görə, "Barselona"nın idman direktoru Deko hazırda İngiltərədədir və "Nyukasl" futbolçusunun transfer imkanlarını araşdırır.
Bildirilir ki, futbolçunun özü də İspaniya klubuna keçid variantına açıqdır. Lakin tərəflər arasında tam razılaşmanın əldə olunduğu hələ qeyd edilmir.
Xatırladaq ki, Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən ilk matçda "Qarabağ"ın qapısına dörd qol vuraraq pokerlə yadda qalmışdı.