Argentinanın "Rosario Sentral" futbol komandasının gənc hücumçusu Ezekiel Qarfanyoli Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatındakı çıxışı ilə İtaliya mətbuatının diqqətini çəkib.
İdman.Biz "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 15 yaşlı futbolçu portalın "Günün istedadı" rubrikasında təqdim olunub.
2011-ci il yanvarın 1-də anadan olan Qarfanyoli Azərbaycanın ev sahibliyi etdiyi mundialın qrup mərhələsində beş qol vuraraq Argentina millisinin ən məhsuldar futbolçusu olub.
O, Çin Taypeyi ilə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran yeganə qolun müəllifi olub. Oman üzərində 5:1 hesablı qələbədə het-trik edən hücumçu Malavi ilə qarşılaşmada (4:2) da fərqlənib.
İtaliya nəşri gənc futbolçunu cərimə meydançasında fürsətlərdən məharətlə istifadə edən, topsuz hərəkətləri və qol duyumu ilə seçilən hücumçu kimi xarakterizə edib. Qarfanyolinin oyun üslubu İtaliya millisinin hücumçusu Mateo Reteqiyə bənzədilib.
Qeyd edək ki, Argentina millisi qrup mərhələsində keçirdiyi beş oyunun dördündə qalib gəlsə də, Əlcəzairə 0:1 hesablı məğlubiyyət səbəbindən ikinci yeri tutub. Bu nəticə komandanı dünya çempionluğu uğrunda əsas mübarizədən kənarda qoyub. Argentina turnirin B səviyyəsində çıxışını davam etdirir.


