Zambiya millisi Bakıda keçirilən U-15 komandaları arasında FIFA Dünya Çempionatı və Festivalının ən yaddaqalan hekayələrindən birinin müəllifi olub. Afrika təmsilçisi üç gün ərzində İngiltərə ilə oyunda 0:2 hesablı geridönüş edib, Seneqalla yarımfinalda üç dəfə hesabı bərabərləşdirib, finalda isə ilk qolu buraxmasına baxmayaraq, Portuqaliyanı 5:2 hesabı ilə darmadağın edib.
İdman.Biz xəbər verir ki, B divizionunun həlledici qarşılaşması bu gün Bakı Kristal Zalında keçirilib. Oyunun 6-cı dəqiqəsində portuqaliyalılar hesabı açıblar. Lakin Zambiya fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə afrikalılar fərqi 3:1-ə çatdırıblar. Portuqaliya hesab arasındakı fərqi minimuma endirsə də, Zambiya son dəqiqələrdə daha iki qol vuraraq yekun nəticəni müəyyənləşdirib – 5:2.

Bu qələbə Zambiya millisinin ardıcıl uğurlarla yadda qalan çıxışının zirvəsi olub.
Oktyabrın 28-də B divizionunun 1/16 finalında Afrika təmsilçisi İngiltərə ilə qarşılaşıb. Görüşün 17-ci dəqiqəsinə qədər Tommi Maklaflin və Tay Leyvisinin qolları sayəsində ingilislər 2:0 hesabı ilə öndə olublar. Lakin Maksen Msimuko fasiləyə qədər fərqi azaldıb. İkinci hissədə Samuel Musonda hesabı bərabərləşdirib, Krispin Katoba isə Zambiyaya 3:2 hesablı qələbə qazandırıb.
Bundan sonra komanda Nigeri (2:0) və Slovakiyanı (3:1) məğlub edərək daha bir dramatik qarşılaşmaya çıxıb.
Seneqalla yarımfinalda zambiyalılar üç dəfə geridə olublar. Rəqib əvvəlcə 1:0, daha sonra 2:1 və 3:2 hesabları ilə önə keçib. Lakin Zambiya hər dəfə hesabı bərabərləşdirməyi bacarıb.
Komandanın ilk qolunu Mozes Munkombve vurub. Daha sonra Msimuko iki dəfə fərqlənərək turnirdəki qollarının sayını 13-ə çatdırıb. 3:3 hesabı zamanı isə Musonda komanda yoldaşının zərbəsindən sonra topu qapıdan keçirərək Zambiyaya 4:3 hesablı qələbə qazandırıb.
Finalda da ilk qolu buraxan Zambiya bu dəfə hesabı bərabərləşdirməklə kifayətlənməyib və Portuqaliyanın qapısından beş top keçirib.
Bu qələbə sayəsində Afrika təmsilçisi 189 komanda arasında 33-cü yeri tutaraq B divizionunun qalibi olub. Portuqaliya isə turniri 34-cü pillədə başa vurub.
Qeyd edək ki, turnirin əsas çempionu A divizionunda müəyyənləşəcək. Finalda Çexiya və İspaniya milliləri qarşılaşacaqlar.