Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda ilk görüşünü oktyabrın 24-də Uels yığmasına qarşı keçirəcək.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv oktyabrın 27-də Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda qrupda sonuncu görüşünü oktyabrın 30-da Moldovaya qarşı keçirəcək.
Qeyd edək ki, qrupun bütün oyunları Moldovada keçiriləcək. Qarşılaşmaları Litvadan olan hakimlər idarə edəcək.