DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb.
İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, fanatlar biletləri iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.
Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.
Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlanacaq. Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.