İngiltərənin "Aston Villa" klubu baş məşqçisi Unai Emeri ilə müqaviləni uzatmağa hazırlaşır. Birmingem təmsilçisi ispaniyalı mütəxəssisin 2029-cu ilə qədər qüvvədə olan müqaviləsini daha uzun müddətə yeniləmək niyyətindədir.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, klub rəhbərliyi 55 yaşlı məşqçiyə maaş artımını da nəzərdə tutan daha sərfəli maliyyə şərtləri təklif etməyi planlaşdırır.
Noyabrın 4-də "Aston Villa" rəhbərliyi ilə Emeri arasında görüş keçirilib. Klub danışıqların nəticəsi ilə bağlı rəsmi açıqlama yayaraq tərəflərin əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyib.
Açıqlamada görüşün müsbət keçdiyi, komandanın uzunmüddətli inkişaf planlarının müzakirə olunduğu və Emerinin rəhbərliyi altında 2029-cu ildən sonra da birgə fəaliyyətin davam etdirilməsi istiqamətində qarşılıqlı razılığın olduğu qeyd edilib.
Klubun bu addımı digər Avropa komandalarının Emeriyə marağı ilə də əlaqələndirilir. Daha əvvəl "Mançester Yunayted"in ispaniyalı mütəxəssisi baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirdiyi bildirilmişdi.
Qeyd edək ki, Emerinin rəhbərliyi altında "Aston Villa" Avropa Liqasının qalibi olub.