"Sabah"ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının liqa mərhələsində Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri oyundan əvvəl komandasının qarşıdakı görüşə münasibətini bölüşüb.
İdman.Biz xəbər verir ki, müdafiəçi matçöncəsi mətbuat konfransında hər qarşılaşmaya qələbə əzmi ilə çıxdıqlarını bildirib.
Zedadka doğma meydanda azarkeş dəstəyinin əhəmiyyətinə toxunmaqla yanaşı, rəqibin gücünü də nəzərə aldıqlarını vurğulayıb:
"Doğma meydanda, azarkeşlərimizin önündə çıxış edəcəyik. Amma rəqibimizin kim olduğunu yaxşı bilirik. Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasında asan oyun olmur. Sabahkı görüşdən zövq almaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Borussiya" qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.