AFFA-nın "Boots for All" layihəsi Gəncədə azyaşlı futbolçulara 145 buts hədiyyə edib
AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə həyata keçirilən "Boots for All" layihəsi çərçivəsində azyaşlı futbolçulara futbol butslarının hədiyyə edilməsi təşəbbüsü Qərb zonasında davam etdirilib. Noyabrın 28-də Göygöl Olimpiya İdman Kompleksində Gəncə regionu üzrə U-8 və U-9 liqalarının növbəti turu çərçivəsində 11 komandanın 145 futbolçusuna futbol butsları hədiyyə olunub. Komandalardan 4-ü U-8, 7-si isə U-9 liqasında mübarizə aparır. Layihənin məqsədi uşaq futbolunun inkişafına dəstək olmaq, regionlarda futbolun kütləviliyini artırmaq və azyaşlı futbolçuların idman ləvazimatları ilə təmin olunmasına töhfə verməkdir. Qeyd edək ki, Bakıda start götürən layihənin növbəti mərhələsi Gəncədə təşkil olunub. Təşəbbüsün növbəti dayanacağı Tovuz regionu olacaq. Bu mərhələdə U-9 liqasında çıxış edən 10 komandanın futbolçularına butsların hədiyyə edilməsi nəzərdə tutulub. Gələn həftədən etibarən layihənin digər regionlarda da davam etdirilməsi planlaşdırılır.