"Qəbələ" futbol komandasının baş məşqçisi Yeton Bekiri Azərbaycan Premyer Liqasının 13-cü turunda "Şamaxı"ya 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis futbolçularının kobud səhvlərindən və ikinci hissənin əvvəlində qapıçı Səlahət Ağayevin meydandan qovulmasından danışıb:
"Bu gün bir neçə kobud səhvə yol verdik. İkinci hissənin əvvəlində qapıçımız qırmızı vərəqə aldı. Belə çempionatda 45 dəqiqə azlıqda oynamaq çətindir. Futbolda belə hallar olur. İlk hissədə qol vurmaq imkanlarımız var idi, lakin onlardan istifadə edə bilmədik. Matçın sonlarında da hücumda fəal idik. Sadəcə, ikinci hissənin əvvəlində futbolçumuzun meydandan qovulması bizi çətin vəziyyətə saldı".
Bekiri komandada mümkün intizam problemləri, xüsusilə futbolçuların əvəzlənərkən narazılıq göstərmələri ilə bağlı suala da cavab verib:
"Futbolçularla heç bir problemim yoxdur. Sadəcə, belə oyunlardan sonra onlar da əsəbi olurlar. Heç bir futbolçu meydanı tərk edərkən məşqçinin əlini sıxmağa məcbur deyil".
Mütəxəssis Azərbaycan Kubokunda "Şahdağ Qusar"a qarşı keçirəcəkləri görüşdən gözləntilərini də bölüşüb:
"Kubok qarşılaşmasına maksimum səviyyədə hazırlaşmalı və qalib gəlməliyik. Qarşıda bizi sıx oyun qrafiki gözləyir. Ardıcıl dörd oyunu səfərdə keçirdik. Bunu bəhanə kimi demirəm. Çalışmalı və qələbələr qazanmalıyıq".