top
İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto Oxu.az
Today, 07:00
- ↺ +

"İdmandan kənar": Dünyanı fəth edən "Pirat" özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Velosiped idmanında elə idmançılar var ki, onların adı təkcə qazandıqları medallarla deyil, həyat hekayələri ilə də yadda qalır. Bir vaxtlar milyonlarla insanı ekran qarşısına toplayan, dağ yollarında rəqiblərinə aman verməyən, Fransanın və İtaliyanın ən çətin veloyürüşlərində tarix yazan Marko Pantani də onlardan biridir. Onu azarkeşlər "Pirat" (dəniz qulduru) adlandırırdılar. Lakin bu ləqəbin arxasında gizlənən həyat hekayəsi heç də qəhrəmanlıq dastanı kimi bitmədi.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə velosiped dünyasının əfsanələrindən birinin - Marko Pantaninin həyatından, zirvəyə yüksəlişindən, yaşadığı sarsıntılardan və faciəli ölümündən bəhs edəcəyik.

Uşaqlıqdan başlayan velosiped sevgisi

Marko Pantani 13 yanvar 1970-ci ildə İtaliyanın Çezena şəhərində dünyaya gəlib. Uşaqlıqdan idmana maraq göstərən Marko əvvəlcə futbolla maraqlansa da, sonradan həyatını velosipedə bağlayıb. Hələ yeniyetmə yaşlarından istedadı ilə seçilən idmançı qısa müddətdə peşəkar səviyyəyə yüksəlib.

1992-ci ildə peşəkar karyerasına başlayan Pantani 1994-cü ildə "Giro d'Italia" yarışında ikinci, "Tour de France"da isə üçüncü yeri tutaraq özünü dünya velosiped idmanına tanıdıb.

Onun əsas üstünlüyü dağ mərhələlərində üzə çıxırdı. Dik yoxuşlarda rəqiblərindən ayrılmaq, sürəti qəfil artırmaq və finişə qədər üstünlüyünü qorumaq bacarığı Pantanini fərqləndirirdi.

1995-ci ildə ciddi qəza keçirərək hər iki ayağından zədə alan idmançı uzun müddət yarışlardan kənarda qaldı. Lakin bu hadisə onun karyerasına son qoymadı. Əksinə, geri dönüşü ilə daha böyük uğurlara imza atdı.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

"Pirat"ın doğuşu və tarixi zəfəri

Pantaninin karyerasında dönüş nöqtəsi 1998-ci il oldu. Həmin il italyan velosipedçi əvvəlcə "Giro d'Italia", daha sonra isə "Tour de France" yarışının qalibi oldu.

Beləliklə, o, eyni ildə İtaliyanın və Fransanın ən nüfuzlu veloyürüşlərini qazanan nadir idmançılardan birinə çevrildi. Bu uğur onun adını velosiped tarixinə qızıl hərflərlə yazdı.

Başındakı rəngli bandana, qulağındakı sırğa və üzündəki saqqal onu digər idmançılardan fərqləndirirdi. Məhz bu görünüşünə görə azarkeşlər ona "Pirat" ləqəbini vermişdilər.

Pantani artıq sadəcə velosipedçi deyildi. O, İtaliyada idman qəhrəmanına çevrilmişdi.

Lakin zirvədə qalmaq heç də asan deyildi. Onun həyatında hər şeyi dəyişəcək hadisənin baş verməsinə cəmi bir il qalırdı.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Bir yoxlama bütün həyatını dəyişdi

1999-cu ildə Pantani yenidən "Giro d'Italia"da iştirak edirdi. O, yarışın lideri idi, dörd mərhələdə qalib gəlmişdi və ikinci ardıcıl çempionluğuna doğru irəliləyirdi.

Lakin iyunun 5-də Madonna-di-Kampilyoda keçirilən gözlənilməz yoxlama onun həyatının ən ağır dönüş nöqtəsinə çevrildi.

Analiz zamanı velosipedçinin qanında hematokrit göstəricisi 53 faiz müəyyən edildi. Halbuki həmin vaxt qüvvədə olan təhlükəsizlik limiti 50 faiz idi. Bu nəticə ona 15 günlük yarış qadağası verilməsi ilə nəticələndi.

Qeyd edək ki, hematokrit göstəricisinin yüksək olması dopinq istifadəsinin birbaşa sübutu sayılmırdı. Lakin qaydalara əsasən, Pantani yarışdan kənarlaşdırıldı.

İtaliyalı idmançı üçün bu, sadəcə bir yarışdan məhrum olmaq deyildi. O, çempionluğa çox yaxın olduğu halda qəfil şəkildə bütün ümidlərini itirmişdi.

Hadisədən sonra Pantani özünə qapanmağa başladı. O, velosiped dünyasından uzaqlaşdı, mətbuatla münasibətləri pisləşdi və uzun müddət müxtəlif ittihamlarla üzləşdi.

Bir vaxtlar milyonların sevimlisi olan idmançı artıq özünü tək hiss edirdi.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Şöhrətdən tənhalığa

1999-cu il hadisəsindən sonra Pantani əvvəlki formasını bərpa etməkdə çətinlik çəkdi.

2000-ci ildə yenidən "Tour de France"da iştirak edən velosipedçi bəzi mərhələlərdə keçmiş gücünü nümayiş etdirdi. Xüsusilə Mon-Ventu dağındakı çıxışı onun hələ də böyük çempion olduğunu xatırlatdı.

Ancaq bu, əvvəlki Pantaninin geri dönüşü olmadı.

Sonrakı illərdə dopinq ittihamları, hüquqi problemlər, yarışlardan kənarda qalmaq və şəxsi çətinliklər onun həyatına təsir göstərdi. Pantani depressiya və narkotik asılılığı ilə də mübarizə aparırdı.

2003-cü ildə müalicə aldığı klinikada bir müddət qaldı. Həmin il "Giro d'Italia"da iştirak etsə də, əvvəlki uğurlarını təkrarlaya bilmədi. Bu, onun son böyük yarışı oldu.

Bir vaxtlar dağlarda rəqiblərini geridə qoyan "Pirat" indi öz həyatının ən ağır mübarizəsini aparırdı.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Sevgililər günündə gələn ölüm xəbəri

2004-cü il fevralın 14-də İtaliya velosiped dünyasını sarsıdan xəbər yayıldı. Marko Pantani Rimini şəhərində yerləşən "Le Rose" hotelinin otağında ölü tapıldı.

Cəmi 34 yaşı olan idmançının ölümü ölkədə böyük kədərə səbəb oldu.

Aparılan ilkin araşdırmalar onun ölümünün kəskin kokain zəhərlənməsi nəticəsində baş verdiyini ortaya qoydu. Tibbi ekspertiza ürək və beyin şişinin də ölümə səbəb olan proseslərdə rol oynadığını müəyyənləşdirdi.

Pantaninin dəfn mərasimində minlərlə insan iştirak etdi. BBC-nin məlumatına görə, Çezenatikoda onun tabutu kilsədən çıxarılarkən küçələrə 20 mindən çox insan toplaşmışdı.

Anası Tonina Belletti isə oğlunun ölümündən sonra mətbuata sərt etirazını bildirmişdi. O, jurnalistləri oğlunun yaşadığı çətinliklərə görə məsuliyyət daşımaqda günahlandırırdı.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Ölümündən sonra da bitməyən müəmmalar

Pantaninin ölümü ilə bağlı suallar illər keçsə də, gündəmdən düşmədi.

Ailəsi onun öldürülə biləcəyini iddia edərək hadisənin yenidən araşdırılmasını tələb etdi. 2016-cı ildə açılan ikinci istintaq isə qətl ehtimalını təsdiqləyən əsaslar olmadığı üçün bağlandı.

2021-ci ildə isə İtaliya hüquq-mühafizə orqanları onun ölümü ilə bağlı üçüncü araşdırmaya başladılar. Bu dəfə 1999-cu ildəki "Giro d'Italia" hadisəsi və mümkün mütəşəkkil cinayət əlaqələri də diqqət mərkəzinə gətirildi.

Bununla belə, əvvəlki məhkəmə qərarlarında Pantaninin narkotik maddələrin həddindən artıq qəbulu nəticəsində öldüyü qənaəti qüvvədə qaldı. Onun qətlə yetirilməsi barədə iddialar sübuta yetirilməyib.

Əbədi "Pirat"

Marko Pantaninin həyatı idmanın yalnız qələbələrdən ibarət olmadığını göstərən nümunələrdən biridir.

O, bir il ərzində dünyanın iki ən böyük veloyürüşünü qazanaraq tarixə düşdü. Lakin sonrakı illərdə şöhrətin, ittihamların, şəxsi problemlərin və asılılığın ağırlığı altında əzildi.

Pantaninin adı bu gün də velosiped həvəskarları tərəfindən hörmətlə xatırlanır. Onun dağ yollarındakı hücumları, rəqiblərini geridə qoyduğu anlar və özünəməxsus görünüşü idman tarixinin unudulmaz səhifələrindəndir.

O, finiş xəttinə çatmaq üçün bütün gücünü səfərbər edən idmançı idi. Təəssüf ki, həyatının son mərhələsində qarşılaşdığı çətinliklərə qalib gələ bilmədi.

"Pirata" velosiped dünyasını fəth etdi, amma öz daxili mübarizəsində məğlub oldu.

İdmandan kənar: Dünyanı fəth edən Pirat özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 09:05

Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq

Football
Today, 09:00

Cənubi Amerika kubokunu yenə onlar qazandılar

Football
Today, 04:34

Mixail Mudrikdən şok etiraflar: "Arsenal" peşmanlığı, dopinq qalmaqalı, borca düşməsi və təhdidlər

Football
Today, 02:12

"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb

Football
Today, 01:38

“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video

Football
Today, 01:27

Yunuszadə sona kimi ehtiyatda qaldı

Football
Today, 01:12

Cəlalın komandası səfərdə qələbə almadı

Football
Today, 01:00

"Mançester Siti" düşərgəsində "Fulhem"ə 1:1 hesabı ilə qalib gələ bilmədi - Video

Football
Today, 00:29

Krivotsyuk oynamadı, komandası qalib gəldi

Football
Today, 00:13

“Qalatasaray”ın qələbəsi - Video

Football
Today, 00:00

"Nyukasl" - "Arsenal" görüşündə qapılara dörd qol vuruldu - Video

Football
Yesterday, 23:06

Kaxaber Sxadadze Latviyanın "Liepaya" klubunun baş məşqçisi oldu

Football
Yesterday, 22:53

Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı

Football
Yesterday, 22:15

Federasiya prezidentini yalan danışmaqda ittiham etdi

Football
Yesterday, 22:10

"Fənərbağça" səfərdə "Kocaelispor"la 2:2 hesabla heç-heçə etdi - Video

Football
Yesterday, 21:53

Arteta futbolçularına məxfi məlumatların qorunması barədə xəbərdarlıq etdi

Football
Yesterday, 21:24

Murad Məmmədovun komandasından qələbə

Football
Yesterday, 21:16

Çelsi 1:4-ü ilə Lidsə məğlub oldu

Football
Yesterday, 21:09

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video

Football
Yesterday, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Judo
Yesterday, 20:26

Azərbaycan cüdoçuları dünya çempionatında medallar qazandılar - Foto/Video

Judo
Yesterday, 20:04

İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb

Football
Yesterday, 19:35

Meydanda zədələndi, xəstəxanaya aparıldı

Related news