"Liverpul"un futbolçusu Vircil van Deyk komandanın sabiq baş məşqçisi Yurgen Klopp haqqında danışıb və almaniyalı mütəxəssislə münasibətlərinin bu gün də davam etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, niderlandlı müdafiəçi "Man About Town" jurnalına müsahibəsində Kloppun onun karyerasında xüsusi yer tutduğunu vurğulayıb.
"Onunla ilk görüşümüzdən hər şey möhtəşəm idi. Klopp çox açıq və birbaşa danışan insandır. İlk gündən klubdan ayrıldığı vaxta qədər münasibətlərimiz həmişə çox yaxşı olub. O, mənim üçün çox şey ifadə edir və biz hələ də əlaqə saxlayırıq", - deyə Van Deyk bildirib.
2018-ci ilin yanvarında "Liverpul"a keçərkən o dövr üçün dünyanın ən bahalı müdafiəçisi olan futbolçu Kloppun ona göstərdiyi etimadı da xatırlayıb:
"Transfer məbləği ətrafında çoxlu söz-söhbət var idi. Amma mən baş məşqçinin mənə nə qədər güvəndiyini çox güclü hiss edirdim".
Van Deyk Kloppun rəhbərliyi altında "Liverpul"la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub. Bununla belə, müdafiəçi karyerasında yalnız bir nəfəri digərlərindən üstün tutmaq istəmədiyini söyləyib.
"Heç kimi başqalarından üstün tutmağı xoşlamıram. Amma Klopp mənə ən çox təsir göstərən insanlardan biridir", - deyə "Liverpul"un kapitanı əlavə edib.