Azərbaycan velosipedçisi Natalya Vallek Türkiyənin paytaxtı Ankarada keçirilmiş "GranFondo" Başkənt velosiped yarışında tarixi nəticə əldə etdiyi üçün şad olduğunu bildirib.
İdman.biz xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.
Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü qalib gəldiyi turnirlə bağlı təəssüratlarını bölüşüb: "Mənim bu uğurum məşqçim Musa Mikayılzadənin tərtib etdiyi düzgün proqram və göstərdiyim əzmlə bağlıdır. Tarixi nəticə əldə etdiyim üçün şadam. Çətin yarış oldu. Çünki orada çox güclü rəqiblər var idi. Onlar da həmişə turnirlərdə iddialı olublar və ilk yeri tutmaq üçün mübarizə aparırlar. Məşqçim qarşıma strateji vəzifə qoymuşdu. Ölkəmiz və komandam üçün bu qələbəni əldən verməmək üçün hər şeyi etdim".
Vallek qarşıdakı hədəflərindən də söz açıb: "Qatıldığım bütün turnirlərdə qalib olmaq istəyirəm. Bunu etmək üçün isə mümkün olan hər şeyi etməyə hazıram. İdmançı bir dəfə uğur qazananda yeni nailiyyətlər əldə etməyə çalışmalıdır. Hazırda da məşqlərə davam edirəm. Böyük yarışlarda da mükafatçılar sırasına düşməyi planlaşdırıram".
Qeyd edək ki, Natalya Vallek Azərbaycan velosipedi tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb. Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.
İdman.biz