FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalı çərçivəsində gələcək planları, UEFA ilə münasibətləri və milli futbol assosiasiyalarının ona dəstəyi barədə açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, dünya futbolunun rəhbəri "BBC Sport"a müsahibəsində FIFA Forward Enterprise (FFE) layihəsi ətrafında yaranan qalmaqaldan sonra artan tənqidlərə münasibət bildirib. Jurnalistin istefa vermək ehtimalı ilə bağlı sualına İnfantino gülərək cavab verib və mövqeyinin möhkəm olduğunu vurğulayıb.
"Məni dünyanın hər yerindən FIFA-nın 211 üzv assosiasiyası seçib. FIFA kimi təşkilatda müxtəlif fikir və baxışların olması normaldır. Amma demokratiyaya və demokratik prosesə ciddi yanaşırıqsa, dünyada hər kəsin bərabər səs hüququna malik olduğuna və futbolun hamıya məxsus olduğuna inanırıqsa, böyük əksəriyyətin mövqeyinə də hörmət etməliyik", – deyə İnfantino bildirib.
FIFA prezidenti son beynəlxalq səfərləri zamanı aldığı dəstəyə də diqqət çəkib.
"Tokiodan yenicə qayıtmışam. Orada Asiya Futbol Konfederasiyası mənə tam dəstəyini ifadə etdi. Kabo-Verdeyə səfər etdim və bütün Afrika futbol assosiasiyaları mənə dəstək verdi. Dünyanın hər yerindəki assosiasiyalarla ünsiyyətdəyəm.
Dünya çempionatı, onun formatı, iştirakçıların sayı, yerlərin bölüşdürülməsi, təqvim, kommersiya məsələləri və digər mövzularda fərqli fikirlər mövcuddur. Hamını bir araya gətirmək həmişə asan deyil, lakin müxtəlif mövqelərə hörmətlə yanaşmalıyıq. Mən bütün fikirlərə hörmət edirəm. Daha sonra FIFA üzvü olan assosiasiyalar kimin prezident olmasını və təşkilatın necə idarə edilməsini istədiklərinə özləri qərar verəcəklər", – deyə o vurğulayıb.
Müsahibənin əsas mövzularından biri də FFE layihəsindən sonra gərginləşən FIFA–UEFA münasibətləri olub. Layihə FIFA yarışlarının kommersiya hüquqlarına özəl investorların cəlb edilməsini nəzərdə tuturdu. Lakin sonradan təşəbbüsdən imtina edilib.
İnfantino təşkilat rəhbərliyinin bütün məsələlərdə ideal davranmadığını etiraf edib və Avropa futbol qurumları ilə dialoqun davam etdirilməsinin vacibliyini xatırladıb. Bununla belə, fikir ayrılıqlarının gələcək fəaliyyətə mane olmamalı olduğunu bildirib.
"Bir-birimizlə razılaşmamaqda heç bir qəbahət yoxdur. Fərqli baxışların olması normaldır, amma irəliyə doğru hərəkət etməyi bacarmaq lazımdır", – deyə FIFA prezidenti qeyd edib.
Xatırladaq ki, İnfantino daha əvvəl FFE layihəsi ilə bağlı məlumatlandırma və məsləhətləşmə prosesindəki çatışmazlıqlara görə FIFA Şurasının üzvlərindən üzr istəyib. UEFA isə əsas sənədlərin və izahatların noyabrın 2-dək təqdim edilməsini tələb edib. FIFA prezidenti təşkilatın hüquqi prosedurları nəzərə almaqla qaldırılan suallara cavab vermək niyyətində olduğunu bildirib.
Müsahibədə Azərbaycanda keçirilən ilk U-15 dünya çempionatına da xüsusi diqqət ayrılıb.
İnfantino dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirən bu miqyaslı turnirin təşkilindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Bakıdakı yarış bir çox iştirakçı üçün gələcəkdə böyüklər arasında dünya çempionatında çıxış etməyə aparan ilk addım ola bilər.
"Futbol vasitəsilə dünyanı belə erkən yaşda bir araya gətirə bilməyimiz çox gözəldir", – deyə o bildirib.
FIFA prezidenti əlavə edib ki, 10 və ya 20 ildən sonra böyüklər arasında dünya çempionatında oynamaq imkanı qazanacaq futbolçular ilk mundiallarını məhz Azərbaycanda keçirdiklərini xatırlayacaqlar.
Qeyd edək ki, FIFA prezidentinin növbəti seçkiləri 2027-ci ilin martına planlaşdırılıb. Namizədlər iştirak niyyətlərini noyabrın 18-dək açıqlamalıdırlar. 2016-cı ildən FIFA-ya rəhbərlik edən İnfantino yenidən bu vəzifəyə namizədliyini irəli sürmək niyyətindədir.
Xatırladaq ki, tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Yarışda 189 milli assosiasiyanın komandaları iştirak edir. Oyunlar 8-ə 8 formatında, hər biri 20 dəqiqəlik iki hissədən ibarət olmaqla keçirilir. Turnirin əsas arenası Hövsan İdman Kompleksidir. Rəsmi açılış mərasimi isə Azərbaycan millisinin Timor-Leste yığmasına qarşı ilk oyununu keçirəcəyi Bakı Kristal Zalında təşkil olunacaq.