"Elçe" İspaniya çempionatının X turunda səfərdə "Rayo Valyekano"nu 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma oktyabrın 24-də Madridin "Valyekas" stadionunda keçirilib.
Əsas hadisələr fasiləyədək baş verib. 23-cü dəqiqədə Federiko Redondo Florian Lejönün Roy Revivoya qarşı qayda pozuntusundan sonra təyin olunan penaltini qola çevirib. 36-cı dəqiqədə Fer Ninyo da on bir metrlik zərbədən fərqlənərək qonaqların üstünlüyünü iki topa çatdırıb. Bu dəfə hakim VAR müdaxiləsindən sonra Pate Sissin Toma Lemara qarşı qayda pozuntusuna görə penalti təyin edib.
Az sonra "Rayo" oyuna qayıtmaq şansı qazanıb: Buba Sanqarenin əllə oyunundan sonra qonaqların qapısına penalti təyin olunub. Lakin 39-cu dəqiqədə Sissin zərbəsi tirə tuş gəlib. Beləliklə, Madrid təmsilçisi fərqi azaltmaq əvəzinə fasiləyə 0:2 hesabı ilə geridə yollanıb.
İkinci hissədə "Elçe" üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə Xerman Valera Fakundo Buonanottenin ötürməsindən yararlanaraq üçüncü qolu vurub. Daha sonra Tete Morentenin zərbəsi də meydan sahiblərinin qapısının tirinə dəyib.
Bu, "Elçe"nin La Liqada ardıcıl dördüncü məğlubiyyətsiz, üçüncü qol buraxmadığı matçı olub. Komanda əvvəlki iki görüşdə "Selta" və "Vilyarreal"la eyni hesabla — 0:0 oynayıb.
Qələbə sayəsində xallarının sayını ona çatdıran "Elçe" müvəqqəti olaraq 18-ci pillədən 12-ci yerə yüksələrək təhlükəli zonanı tərk edib. "Rayo" isə doqquz xalla 16-cı pilləyə enib. Madrid təmsilçisi doqquz, rəqibi isə on oyun keçirib.