"Böyük futbolla vidalaşan şəxslərin futzala keçərək bacarıqlarını nümayiş etdirməsi üçün bütün məhdudiyyətləri aradan qaldırmışıq".
Bu sözləri futzal üzrə Azərbaycan Yüksək Liqasının 2026/2027-ci illər mövsümünə həsr olunmuş mərasimdə iştirak edən Azərbaycan millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev İdman.Biz-ə açıqlamasında deyib.
Elvin Quliyev bildirib ki, bu ildən etibarən istər Azərbaycan Premyer Liqasında, istər Birinci Liqada, istərsə də həvəskar liqalarda çıxış edən futbolçuların futzala keçidinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb:
"Belə deyək, futzalın qapısı böyük futboldan gələn şəxslərin üzünə açıqdır. Mümkündür ki, hətta həvəskar liqalarda çıxış edən futbolçu bu gün futzal millimizə düşmək şansı qazansın. Kimin futzal bacarığı varsa, kim özünü bu idman növündə sübut etmək istəyirsə, buyursun, gəlsin".
Bununla belə, Elvin Quliyev xatırladıb ki, futzal çox intensiv idman növüdür və oyunçulardan yüksək fiziki göstəricilər tələb edir:
"Böyük futbolda oyunçu meydanın hansısa hissəsində sadəcə dayana bilər. Lakin futzalda belə bir vəziyyətə rast gəlmək mümkün deyil, çünki oyun olduqca dinamikdir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, böyük futboldan futzala gələnlər gözlənilən effekti vermir. Müasir futzal çox inkişaf edib. Oyunun sürəti yüksəkdir".
Mütəxəssis hesab edir ki, futzalçı bu idman növünün xüsusiyyətlərinə uyğun olaraq təməldən hazırlanmalıdır:
"Xüsusən aşağı yaş qruplarında uşaqlarla intensiv məşqlər aparılmalıdır. Əzələlər yüksək fiziki yüklənməyə hazır olmalıdır. Futzalda sürətli driblinq və vaxtında lazımi mövqeyə açılmaq tələb olunur. İdmançı bunları hələ kiçik yaşlarından mənimsəməyə başlamalıdır".