Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışının açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov fiziki və əqli imkanlarından asılı olmayaraq hər kəs üçün idmana bərabər çıxış imkanlarının təmin edilməsinin dövlət idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev idmana və inklüziv layihələrə daim xüsusi diqqət və qayğı göstərir. Onun sözlərinə görə, bu diqqət nəticəsində Azərbaycanda Xüsusi Olimpiya hərəkatı uğurla inkişaf edir.

F.Qayıbov son illərdə Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurları, ölkəmizdə təşkil olunan festivalları və təlim-məşq toplanışlarını xüsusi vurğulayıb. O, 18 ölkənin iştirakı ilə Avropa və Avrasiya regionunun badminton yarışlarının Azərbaycanda keçirilməsini də əlamətdar hadisə kimi qiymətləndirib.
Nazir cari ilin Azərbaycan və Bakı üçün idman baxımından uğurlu olduğunu da diqqətə çatdırıb. Bildirib ki, il ərzində ölkəmizdə müxtəlif Avropa və dünya çempionatları təşkil olunub və belə inklüziv yarışın keçirilməsi Azərbaycan idmanının növbəti uğurudur.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən yarış noyabrın 21-dək davam edəcək. Turnirdə 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar.
Beynəlxalq tədbirin əsas məqsədi Xüsusi Olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və inklüzivliyi təşviq etməkdir.