"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına qarşı keçirdikləri oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında 1:2 hesablı məğlubiyyətə baxmayaraq, yetirmələrinin çıxışını yüksək qiymətləndirib.
Dambrauskas komandasının hücumda yaxşı təsir bağışladığını vurğulayıb:
"Rəqibin heyətində çox keyfiyyətli futbolçular var. Bəzən yaxşı oynasan da, nəticə rəqibin gücündən asılı olur. Görüş ərzində yaxşı qol imkanları yaratdıq, hücumda fəal olduq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Futbolçularımla fəxr edirəm. Onlar çox yaxşı oyun nümayiş etdirdilər".
Baş məşqçi rəqib komandanı qələbə münasibətilə təbrik etdiyini bildirib:
"Borussiya", həqiqətən, güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin biz buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma "Borussiya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.