"Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına 1:2 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz "Çempionat"a istinadən xəbər verir ki, klub rəsmisi komandanın Almaniya təmsilçisinə qarşı layiqli mübarizə apardığını bildirib.
Ponomaryov xüsusilə ikinci hissənin əvvəlində buraxılan qoldan təəssüfləndiyini söyləyib:
"Futbolçularımız "Borussiya" kimi güclü komandaya qarşı layiqli mübarizə apardılar. Təəssüf ki, ikinci hissənin əvvəlində qarşısını almaq mümkün olan qol buraxdıq. Bundan sonra da qol imkanlarımız oldu. İkinci hissənin sonlarına yaxın futbolçumuz qapıçı ilə təkbətək vəziyyətə çıxdı. "Borussiya"nın haqqını vermək lazımdır, çox yaxşı komandadır. Amma bizim futbolçular da pis oyun keçirmədilər".
O, Çempionlar Liqasında qazanılan təcrübənin komandanın gələcək çıxışlarına müsbət təsir göstərəcəyini də vurğulayıb:
"Şübhəsiz, Çempionlar Liqasındakı hər oyun futbolçularımız üçün böyük təcrübədir. Bu, onlara həm daxili çempionatda, həm də avrokubokların növbəti görüşlərində əlavə güc verəcək. Futbolçularımız böyük komandalardan o qədər də geri qalmırlar. Növbəti matçlarda da layiqli çıxış etmək şansımız var. Növbəti rəqibimiz "Vikinq"dir. Bakıda isə "Barselona"nı qəbul edəcəyik".