"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında "Borussiya"ya məğlub olduqları (1:2) görüşdən sonra fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları dedi:
– Xal qazanmaq üçün nə çatmadı?
– Keyfiyyət sözünü dedi. Yaxşı imkanlarımız oldu, amma alınmadı. Əlimizdən gələni etdik. Oyunun son saniyəsinə qədər matçda qaldıq. Ancaq rəqibin keyfiyyəti özünü göstərdi. Onlar əllərinə düşən şanslardan istifadə etdilər. Futbolçularımla apardıqları mübarizəyə görə qürur duyuram.
– Komandanızın taktiki planı nə idi?
– Oyunu yəqin tam izləmədiniz, baxsanız, görərsiniz. Nə etməyə çalışdığımızı, necə hücumlar etdiyimizi, necə müdafiə olunduğumuzu başa düşərdiniz.
– Mbina komandanın jokeridir. Vacib anda meydana çıxıb, yaxşı işlər gördüyü olub. Bu gün də epizodlar yarada bildi. Ondan razı qaldınız?
– Komandada hər kəsdən məmnunam. Hər kəs bacardığını etdi. Futbolçular başa düşür ki, bütün oyunlarda meydana çıxmaq olmur. Rəqabətə davamlı sistemimiz var. Bəzən kimisi daha faydalı olur. Mbina da bu gün töhfə verə bildi, ondan çox razıyam.
– Matçda sizi ən çox məyus edən məqam hansı oldu?
– Razıyam ki, daha keyfiyyətli komanda qalib gəldi. Unutmayaq, "Borussiya" hazırda Avropada ən yaxşı komandalardandır. Doğrudur, ilk hissədə yaxşı epizodları oldu. Lakin fasilədən sonra biz də qol şansları yaratdıq. Hesabı bərabərləşdirə bilərdik. Ümumilikdə, vəziyyət pis deyil. Ən məyusedici məqam oyuna pis başlamağımız oldu. Çempionlar Liqasında sürət, gərginlik başqadır. Hər iki hissəyə pis başladıq, erkən qollar buraxdıq. Bəzi anlarda isə bəxtimiz gətirmədi. Hər bir halda, futbolçularımla qürur duyuram. Son dəqiqəyə kimi mübarizədən qopmadılar.