Azərbaycan təmsilçiləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinqinin liderləri kimi qatıldıqları Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan azsaylı cüdoçular sırasında yer alıblar.
İdman.biz xəbər verir ki, hər iki dünya çempionu Fransa paytaxtındakı yarışa öz çəkisində reytinq sıralamasının birincisi kimi başlayıblar.
Hidayət və Zelimdən başqa, yalnız bir cüdoçu reytinq favoriti statusunu Parisdə doğrulda bilib. "Üçlük"dəki digər idmançı ikiqat Olimpiya çempionu gürcü Laşa Bekauridir. O, 90 kq çəkidə fərqlənib.
Qadınların yarışına gəlincə, dünya reytinqində lider olan dörd idmançı titulu qazanıb. Bunlar özbək Diora Keldiorova (52 kq), kanadalı Krista Dequçi (57 kq), xorvatiyalı Barbara Matiç (70 kq) və italiyalı Alise Belandidir (78 kq).
İdman.biz