"İnter Mayami"nin hücumçusu Luis Suares "Barselona"da Lionel Messi və Neymarla birlikdə çıxış etdiyi illəri xatırlayıb.
İdman.Biz "Catalunya Ràdio"ya istinadən xəbər verir ki, uruqvaylı futbolçu Kataloniya klubunun əfsanəvi hücum üçlüyünün uğurunun əsas səbəbinin qarşılıqlı anlaşma və eqoizmdən uzaq münasibətlər olduğunu bildirib.
"Aramızda zərrə qədər də eqoizm yox idi. Messi qol vuranda Neymarla mən çox sevinirdik. Mən qol vuranda onlar sevinirdilər. Neymar fərqlənəndə də eyni münasibət olurdu. Bir-birimizi çox yaxşı başa düşürdük. Kimin qol vurması vacib deyildi, əsas komandaya kömək etmək idi", - deyə Suares söyləyib.
39 yaşlı futbolçu 2015/2016 mövsümündə Avropanın ən məhsuldar hücumçusu kimi "Qızıl buts" mükafatını qazanmasında komanda yoldaşlarının rolunu xüsusi vurğulayıb.
"Həmin mövsüm "Qızıl buts" uğrunda mübarizə aparırdım. Son üç-dörd oyunda penaltilər oldu və Messi ilə Neymar mənə deyirdilər ki, sən vur, çünki mükafatı qazanmağa yaxınsan. Əsl komanda yoldaşlığı budur. Yalnız özünü deyil, başqasını da düşünmək bizi daha güclü edirdi".
Suares Messi və Neymarla yaratdıqları hücum üçlüyünün təkrarlanmasının çox çətin olduğunu da qeyd edib.
Xatırladaq ki, Suares, Messi və Neymar 2014-2017-ci illərdə "Barselona"da birlikdə çıxış ediblər. Onlar 2014/2015 mövsümündə İspaniya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasını qazanıblar.