"Qarabağ" bu gün Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"in qonağı olub.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
"Burada olan atmosferə görə "Kəpəz" rəhbərliyinə, azarkeşlərə təşəkkür edirəm. Sanki Avropa matçına çıxmışdıq. Futbol oynamaq üçün hər cür şərait var idi. Futbolçularıma təşəkkür etmək istəyirəm, sona kimi vuruşdular. Deyiləcək çox şey yoxdur. Ancaq irəli getməliyik. Bizə qarşı istək həmişə həddindən artıq böyükdür. Bu, sevindirici haldır. Çempionatın səviyyəsini görürük. İnanıram ki, qarşıdakı oyunlarda daha da yaxşı kollektiv görəcəyik.
Rəqibi nəzərə almaq lazımdır. İstənilən komanda ilk hissədə daha istəkli olur. Əks-hücumlara çıxırdılar tez-tez.
Buradakı atmosfer mənə əvvəlki illəri xatırlatdı. Bu stadionda həmişə belə olub. 2004-cü ildəki "qızıl oyun"da da belə ab-hava var idi. Ümumiyyətlə, çox yaxşı idi, azarkeş mədəniyyəti də hiss olunur, nalayiq ifadələr işlətmirdilər.
Ola bilər keçən il topa daha çox nəzarət edirdik. Bu il oyunçular daha sürətlidirlər. Keçən illə müqayisədə bir az fərq var. Ümumi olaraq, mən pozitiv yanaşıram, hər şey daha yaxşıya doğru gedir. Bundan əlavə, çempionatın səviyyəsi xeyli artıb, məşqçilər "böyüyüb". Bir çox komanda hazırda bizdən təcrübəlidir. Beş oyundur qələbə qazanmamağımız əlbəttə ki, bizi narahat edir.
Bəhlul Mustafazadə uzun müddət zədə səbəbindən komandadan kənarda qalmışdı. Hətta bu gün də istəyirdim ki, 60 dəqiqə oynasın. Amma özündən soruşdum, oynamaq istəyirdi. Kritik epizodda qapıdan topu çıxarması – Bəhlul bunu çox yaxşı bacarır.
İlk olaraq, əlimizdə olanları daha yaxşı səviyyəyə gətirməliyik. Bundan başqa, biz ilboyu axtarışdayıq. Transfer etdiyimiz oyunçu komandaya tez uyğunlaşırsa, lap yaxşı, olmasa da vaxt veririk. Ümumiyyətlə, daim heyətimizi genişləndirməyə çalışırıq.
Bəzən fasilələr oyunçuların idman formasını itirməsinə gətirib çıxarır. Kadi Borgesin də artıq çəkisi var. Amma onun oyununda da müsbət məqamlar görürəm.
Sürətdən razı deyiləm. Buna baxmayaraq, yaxşılığa doğru irəliləyiş var. Əvvəl də dediyim kimi, çempionatı hiss etmək lazımdır. İstədiyimiz kimi alınmır, amma geriyə yolumuz yoxdur. Yaxşıya doğru çox şey var. Elə period da gələ bilər ki, biz yaxşı çıxış edərik, digərləri enişdə olar".