Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" qarşılaşmasına azarkeş marağı yüksək səviyyəyə çatıb. Gəncə şəhər stadionunda baş tutacaq oyuna satışda cəmi 500 bilet qalıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Kəpəz" klubu məlumat yayıb.
Gəncə təmsilçisinin açıqlamasına əsasən, noyabrın 22-də keçiriləcək qarşılaşma üçün "Qarabağ"a qonaq klubun istəyinə uyğun olaraq 976 bilet ayrılıb. Lakin satışın ilk dəqiqələrindən böyük fəallıq göstərən azarkeşlər qısa müddətdə həmin kvotaya daxil olan biletləri də əldə ediblər.
Stadionun ehtiyatda saxlanılan son sektoru - W-6 üçün biletlər də bu gün satışa çıxarılıb. Klubun son məlumatına görə, artıq cəmi 500 bilet qalıb.
W-6 sektorunda matçı izləmək istəyən azarkeşlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarından ala bilərlər. Kassalar noyabrın 20-də saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də saat 17:00-da başlayacaq.