Sürpriz olmadı. Misli Premyer Liqasının 13-cü turu çərçivəsində dünən baş tutan oyunlar favoritlərin qələbəsi ilə bitdi.
Əslində, Tovuzdakı matçda heç-heçə də qeydə alına bilərdi. “Kəpəz” meydan sahiblərinin əsəbi ilə oynamağı bacardı. Lakin aqressiv oyun tərzi yenə “Turan Tovuz”un işinə yaradı. Kurban Berdıyevin yetirmələri son dəqiqələrdə vacib olan qolu vuraraq zirvə mübarizəsini davam etdirdi.
Gəncəlilər ardıcıl 3 qələbəsiz oyundan sonra turnir vəziyyətini pisləşdirib. Amma rəqiblərin favoritlər olduğunu nəzərə alsaq, qarşıdakı turlarda “Kəpəz”in yenidən irəliləmək imkanı olacaq.
“Sabah” da işinin öhdəsindən gəldi. Çemponlar Liqası matçının yorğunluğuna baxmayaraq, Valdas Dambrauskasın yetirmələri “Araz-Naxçıvan” üzərində inamlı qələbə qazandı. Bu, ikinci pillədə qalmaq, “Neftçi” ilə xal fərqini qorumaq baxımından vacib idi.
Naxçıvanlıları dünənki məğlubiyyətə görə qınamaq olmur. Rəqibin gücünü nəzərə alsaq, nəticə gözlənilən idi. Lakin ümumi durum ürəkaçan deyil. 13 tura cəmi 4 xal toplayan, qələbə qazanmayan yeganə komanda olan muxtar respublika təmsilçisi vəziyyətdən çıxa bilmir. Baş məşqçi Yuri Maksimovun heyətin düzgün komplektləşdirilmədiyini deməsi əvvəlki baş məşqçiyə, eləcə də rəhbərliyə ünvanlanan doğru iraddır. Vəziyyəti düzəltmək üçün qışda transferlərə maliyyə ayrılıb-ayrılmayacağı isə bilinmir.
Bu gün “Qarabağ” 5 oyunluq qələbəsiz, 4 oyunluq qolsuz seriyaya son qoymalıdır. Əks halda, ağdamlılar gərginləşən çempionluq yarışından uzaqlaşa bilər. Amma “Sumqayıt” uğursuz gedişə son qoymaq üçün uyğun rəqibdir. Yəqin ki, qış fasiləsinə kimi ilk “dördlük”dəki komandalar xal itirməmək üçün səfərbər olacaq.
CAVAD