Azərbaycan sərbəst güləş millisinin dörd üzvü Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının son günündə bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 79 kq çəki dərəcəsində güləşən Cəbrayıl Hacıyev ötən gün yarımfinalda İran təmsilçisi Məhəmməd Noxodilarimiyə 5:9 hesabı ilə uduzub. Hacıyevin rəqibi Asiya Oyunlarının qalibi və dünya çempionatlarının mükafatçısıdır.
57 kq-da mübarizə aparan İslam Bazarqanov isə yarımfinalda amerikalı Spenser Li ilə qarşılaşıb. Görüşdə 10:3 hesabı ilə üstün olan idmançımız sonda "tuş"la məğlub olub.
92 kq çəki dərəcəsində çıxış edən Ali Tsokayevin yolunu 1/4 finalda ABŞ-li dünya çempionu Trent Hidli kəsib. Görüş 5:1 hesabı ilə amerikalı güləşçinin qələbəsi ilə başa çatıb. Hidlinin finala yüksəlməsi isə Tsokayevə təsəlliverici görüşlərdə şans qazandırıb.
Eyni vəziyyət 74 kq-da güləşən Turan Bayramovla bağlı da yaranıb. O, 1/8 finalda qazaxıstanlı Nurkoca Kaypanova 0:4 hesabı ilə uduzub. Kaypanovun finala çıxması Bayramova təsəlliverici görüşlərdə iştirak imkanı verib.
Bununla da Cəbrayıl Hacıyev, İslam Bazarqanov, Ali Tsokayev və Turan Bayramov bu gün dünya çempionatında bürünc medal uğrunda xalçaya çıxacaq.
Qeyd edək ki, çempionatda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.