Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) final görüşündən sonra təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi qızıl medal qazanmağı çox istədiyini, lakin növbəti yarışlarda daha yüksək nəticə əldə etmək üçün mübarizəsini davam etdirəcəyini bildirib.
"Qızıl medal alınmadı. Bunu çox istəyirdim. İstəyirdim ki, Azərbaycan bayrağı birinci yerdə olsun. Amma vaxt var, irəliləyiş də var. Biz doğru istiqamətdəyik. Allahın köməyi ilə dayanmaq fikrim yoxdur. Bu, hələ başlanğıcdır. Gələn dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməyə çalışacağam".
Djioyev güləşdə nəticələrin hər zaman gözlənilən kimi olmadığını da vurğulayıb:
"Bu, güləşdir, gözlənilməz idman növüdür. Bir dəfə qalib gəlirsən, bir dəfə də uduzursan. Bu dəfə belə alındı".
Qeyd edək ki, Arseniy Djioyev dünya çempionatının finalında ABŞ təmsilçisi Kayl Deykə 2:3 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.