Kosovonun "Malışeva" klubunun və Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib.
"Malışeva"da işlərin necə gedir?
Kosovoda işlər çox yaxşıdır. Daha yaxşı ola bilər, olacağını da bilirəm. Bura gəlməmişdən əvvəl öz-özümə deyirdim ki, balkan ölkələri olduğu üçün Albaniya və Kosovo futbolu eynidir. Ancaq sonradan gördüm ki, elə deyil, bir-birindən çox fərqlənir. Amma şükürlər olsun, burada da adaptasiya problemi yaşamadım. İnanıram ki, hər şey daha yaxşı olacaq.
Son toplanışda milli komandaya dəvət edilmədin. Bunun səbəbini nədə görürsən?
Bəli, bu dəfə milli komandaya dəvət almadım. Hər bir azərbaycanlı futbolçu kimi mən də daim millidə olub, komandamıza kömək olmaq istəyirəm. Bir ilə yaxın idi ki, hər toplanışa dəvət edilirdim. Bu dəfəki toplanışda olmadım. Bu da normaldır, baş məşqçimizin verdiyi qərarıdır. Buna da hörmətlə yanaşıram. Son toplanışlardan sonra özümü analiz etdim və deyərdim ki, həmin oyunlar zamanı kifayət qədər qol epizodlarım oldu. Əgər millidə qalıcı olmaq istəyirsənsə, daim milliyə dəvət edilmək istəyirsənsə, düşən qol epizodlarını dəyərləndirməlisən. Bunları dəyərləndirə bilmirəmsə, milliyə dəvət edilməməyin səhvini və günahını özümdə axtarmalıyam. Əlimdən gələni edib, yenidən milliyə qayıtmaq istəyirəm.
Ayxan Abbasov bildirib ki, Litva ilə görüşdə zəif oynayanlar var idi, bu dəfə onları çağırmadıq. Həmin toplanışda yer alan bu dəfə olmayanlar Emil Səfərov, Renat Dadaşov və sənsən. Dadaşovun həmin vaxtı zədəli olduğunu nəzərə alsaq, yəqin ki, sən və Səfərovu nəzərdə tutur. Bu haqda fikrin necədir?
Bu haqda heç bir rəy bildirə bilmərəm. Ayxan Abbasov məni çoxdan tanıyır. Əsas komandaya, əsas liqaya məni Ayxan Abbasov gətirib. O, məni tanıyır desəm də, az olardı. Elə düşünürsə, bildiyi bir şey var və doğru düşünür. Müsahibədə məni nəzərdə tutub, ya başqa fikirlər söyləyib, bilmirəm. Amma Ayxan müəllim nə deyirsə, düz deyir. Litva ilə görüşdə yaxşı qol epizodum olmuşdu, dəyərləndirə bilməmişdim. Bu toplanışa dəvət edilməməyimin ən böyük səbəbkarı özüməm. Ayxan Abbasovun sözləri də budursa, haqlıdır, düzdür.
Necə düşünürsən, yenidən A milliyə geri qayıtmağın mümkündür? Ayxan Abbasov artıracağı təqdirdə, yenə də milliyə dəvət edəcəm deyib?
Yenidən milliyə dəvət ala bilərəm. Necə ki, bundan əvvəlki görüşlərdə dəvət alırdım. Klubumda daha çox çalışacam ki, mütəmadi oynayım, nəticə edim.
Qışda komandanı dəyişmək fikrin var, yoxsa "Malışeva"da qalacaqsan?
Əslində, mütəmadi olaraq öz menecerimlə danışıram. Menecerim Almaniyada yaşayır. Amma bura tez-tez gəlib-gedir. "Malışeva"nın özü ilə danışıq gedir. Təkliflərim var. İstədiyim təklif olmasa, klubumu dəyişmək fikrim yoxdur. Bura gələndə də fikrim o idi ki, həm trapmlin olsun, həm də yaxşı çıxış edim və istədiyim yerlərə gedim. Hələ ki gözləyəcəm. Burada qalıb, çempionluğa oynamaq da bir variantdır. Kosovo liqasından çempionluğa oynayan iki komandadan təklif almışam. Xeyirlisi.
Mirbağırağa