İspaniya La Liqasının 11-ci turunda "Vilyarreal" doğma meydanda "Espanyol"a 0:1 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, "Keramika" stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.
Qonaqların müdafiəçisi Leandro Kabrera 60-cı dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
"Espanyol" bu qələbəni baş məşqçi dəyişikliyindən sonra ilk oyununda qazanıb. Yeni təyin olunan Eder Sarabia cəzalı olduğundan komandanı "Vilyarreal"la görüşdə müvəqqəti məşqçi Serxio Qarsiya idarə edib.
Bu nəticədən sonra "Vilyarreal" 11 oyunda topladığı 12 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. "Espanyol" isə 11 xalla 11-ci yerdədir.
Növbəti turda "Vilyarreal" noyabrın 8-də "Xetafe"ni qəbul edəcək, "Espanyol" isə bir gün əvvəl doğma meydanda "Deportivo" ilə qarşılaşacaq.