"Biz "Setubal"da oynayanda o, gənc və perspektivli futbolçu idi. İstedadlı oyunçulara həmişə kömək edirəm. Yaxşı futbolçu idi, həmişə nə isə soruşurdu, utanmırdı. Belə gənclər az olurdu, qal deyəndə qalırdı".
Bu sözləri tanınmış veteran futbolçu Vəli Qasımov vaxtilə Portuqaliyanın "Setubal" klubunda birgə çıxış etdiyi, hazırda isə "Sumqayıt"ın baş məşqçisi olan Filipe Kandido haqqında danışarkən deyib.
Keçmiş hücumçu portuqaliyalı mütəxəssisin futbolçuluq illərini xatırladıb və onun "Sumqayıt"dakı məşqçilik fəaliyyətini yüksək qiymətləndirib.
"Filipe haqqında ancaq xoş sözlər deyə bilərəm. Məşqçi kimi işini görməmişəm, amma "Sumqayıt"a qədər gəlib çıxıbsa, deməli, yaxşı iş görür. Eşitmişəm ki, çalışqan adamdır. "Sumqayıt"ın da oyunu göz qabağındadır, gözəl oynayırlar. Məşqçi işi görünür. Komandaya uğurlar arzu edirəm. Gözəl oyun olduqca, nəticələr də olacaq", - deyə o offsideplus.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Vəli Qasımov və Filipe Kandido 1997/1998-ci illər mövsümündə Portuqaliyanın "Setubal" klubunda komanda yoldaşı olublar.