"Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu rəqibi məğlub edə bilərik. Çox şadam ki, buna nail olduq və 'Mingəçevir' azarkeşlərini sevindirdik".
Bu sözləri Birinci Liqanın səkkizinci turunda "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edən "Mingəçevir"in çalışdırıcısı Samir Məmmədov qələbəni şərh edərkən deyib.
Maliyyə sıxıntıları yaşayan "işıqçılar"ın məşqçisi qazanılan vacib qələbənin əhəmiyyətindən və qarşıdakı hədəflərdən söz açıb:
"Bizim üçün ürəkaçan nəticə oldu. Belə bir vaxtda qələbə çox önəmli idi. Növbəti oyunlarımıza da səylə hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik", - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, hazırda hesabında yeddi xal olan "Mingəçevir" Birinci Liqanın turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.