İtaliyanın "Roma" futbol komandasının braziliyalı müdafiəçisi Uesli Fransa Madridin "Real" klubunda çıxış edən həmyerlisi Endriklə birlikdə oynamaq istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasında PSJ ilə keçirilən qarşılaşmadan sonra "TNT Sports Brasil"ə açıqlama verən futbolçu Endriklə mümkün transfer barədə danışdığını etiraf edib.
"Endrikə "Roma"ya gəlməsini dedim. Əlbəttə, bu, onun karyerasıdır və qərarı özü verəcək. Ümid edirəm ki, istər başqa kluba keçsin, istərsə də "Real"da qalsın, xoşbəxt olacaq və uğurlar qazanacaq. Çünki yaxşı insandır və buna layiqdir. Əgər bizə qoşulsa, həm azarkeşlər, həm də futbolçular onu böyük məmnuniyyətlə qarşılayacaqlar", - deyə Uesli bildirib.
Madrid klubunda kifayət qədər oyun vaxtı əldə edə bilməyən 20 yaşlı Endrikin yanvar transfer pəncərəsində komandasını dəyişə biləcəyi bildirilir.
Braziliyalı hücumçu ilə "Roma"dan başqa, "Milan" da maraqlanır. İtaliya mətbuatının məlumatına görə, paytaxt təmsilçisi futbolçunu icarəyə götürmək, Milan klubu isə transfer hüquqlarını almaq niyyətindədir.
Endrikin mümkün transfer dəyərinin 60-70 milyon avro arasında olduğu bildirilir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda PSJ ilə "Roma" arasında Parisdə keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.